Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Diilər Universiteti (ADU) ilə birgə bu ali məktəbdə Çanaqqala zəfərinin 100 illiyinə həsr olunan tədbir keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Çanaqqala şəhidlərinin ruhu dəqiqəlik sükutla yad edilib.
Daha sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə ADU-nun pedaqoji fakültəsi dekanının müavini Namiq Əsədov Çanaqqala zəfərinin Türkiyənin tarixindəki əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxışına ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamı ilə başlayaraq, xalqlarımızın dostluq və qardaşlığının çox dərin tarixi kökləri olduğunu, Çanaqqala savaşında şəhid düşən üç mindən artıq azərbaycanlının müasir gəncliyimizə örnək olduğunu bildirib.
Çanaqqala zəfərinin türk tarixinin qəhrəmanlıq salnaməsi olduğunu söyləyən TUMİB-in sədri Çingiz Bayramov aprelin 24-də Türkiyənin Çanaqqala şəhərində Çanaqqala zəfərinin 100–cü ildönümünün xüsusi təntənə ilə qeyd ediləcəyini xatırladıb.
ADU-nun professoru Məhəmməd Teymurlu çıxışında müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadovun Birinci Dünya müharibəsində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən məruzəsi dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.