Bakı, 18 mart, AZƏRTAC
Tunisin paytaxtında yaraqlıların parlament binasına və “Bardo” muzeyinə hücumu nəticəsində azı 8 nəfər öldürülüb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ilkin məlumata görə, martın 18-də 3 naməlum yaraqlı iclas zamanı parlament binasına soxulub. Bundan sonra cinayətkarlar yaxınlıqdakı muzeyə keçərək oradakı insanlara atəş açıb və böyük bir qrupu girov götürüblər. KİV-in məlumatına görə 7 turist və bir tunisli öldürülüb. Girovlar arasında ispanlar, fransızlar, italyanlar və ingilislər var.
Parlamentin binası və muzey polis tərəfindən əhatəyə alınıb. Hadisə yerinə göndərilən xüsusi təyinatlı dəstə turistlərin bir hissəsini azad edə bilib. Qalanlarını isə yaraqlılar girov saxlamaqda davam edir.