[ 18 Mart 2015 18:42 ]


Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün martın 22-dən 25-dək Fransada səfərdə olacaqlar.

MM-dən APA-ya verilən məlumata görə, deputatlar qurumun Parisdə keçiriləcək Sosial sağlamlıq və səhiyyə, həmçinin Miqrasiya, qaçqınlar və əhali  üzrə komitələrinin iclaslarında iştirak  edəcəklər.

 

Komitə iclaslarında Avropanın yeni sosial modeli, əczaçılıq sənayesinin mənfi təsirlərindən qorunmaq  üsulları, "İŞİD" adlanan terrorçu qrupla mübarizənin gücləndirilməsi, Ukraynada baş verən münaqişələr zamanı itkin düşən, məcburi köçkünə çevrilən insanların taleyi, qanunsuz miqrasiyanın aradan qaldırılması və  digər  məsələlər müzakirə ediləcək.