Sumqayıt, 18 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Novruz bayramını abşeronlular da böyük təntənə ilə qeyd edir, baharı sevinclə qarşılayırlar. Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda keçirilən ümumrayon şənliyində Abşeron rayon İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun idarə və müəssisələrinin rəhbərləri, yerli sakinlər, eləcə də Abşeronla qardaşlaşan Misirin Qalubiyyə vilayətinin nümayəndə heyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, meydanda tonqal yandırılandan sonra
xalq oyunları, milli rəqslər, Vətənimizi tərənnüm edən musiqilər, Keçəllə Kosanın məzəli əhvalatları, idmançıların, kəndirbazların çıxışları bir-birini əvəz edib.
Şənlikdə ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları kompozisiyalar, folklor nümunələri, rəsm sərgiləri, eləcə də milli mətbəximizin nümunələri maraqla qarşılanıb.
Bildirilib ki, uzun illər Novruzun keçirilməsinə qoyulan qadağalara baxmayaraq, bayram bu günə qədər yaşayıb. Onu yeni nəsillərə çatdırmaq hər birimizin borcudur.
Bayram şənliyini böyük həvəslə izləyən Qalubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbduzzahir AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Azərbaycan çox gözəl ölkədir. Ölkənizdə olmaqdan çox məmnunam. Burada gördüyüm insanların səmimiliyi, ümumiyyətlə xalqınızın əxlaqında xüsusi yeri olan bir keyfiyyət - yüksək qonaqpərvərliyiniz məndə xoş təəssürat yaratdı. Azərbaycan sürətlə inkişaf edir. Bakı ilə yanaşı regionlar da intibah dövrünü yaşayır. Elə qonağı olduğumuz Abşeron rayonun siması bunun bariz nümunəsidir. Hər yer gül-çiçəkdir, insanın rahatlığı, rifahı naminə görülən işlər göz oxşayır”.
Xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə danışan misirli qonaq Novruz adətlərini vətənlərində təbliğ edəcəklərini vurğulayıb.
Ümumrayon şənliyində Qalubiyyə vilayətinin nümayəndə heyətinə milli kəlağayımız və Qobu xalçası hədiyyə olunub.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz şənliyi konsert proqramı ilə davam edib.
