Bakı, 18 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan BMT-nin Uşaq Fondunun (UNICEF) Mərkəzi və Şərqi Avropa, MDB üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüş olub. Görüşdə UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadze də iştirak edib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda dövlət uşaq siyasətinin inkişafından söz açıb, Prezident İlham Əliyevin ölkədə uşaqların müdafiəsinə, o cümlədən onların sosial təminat sistemi ilə əhatə olunmasına diqqət və qayğısını vurğulayıb. S.Müslümov bu sahədə UNICEF-lə əməkdaşlığın getdikcə genişləndiyini diqqətə çatdırıb.
Bildirib ki, Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsində, “Uşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, müvafiq təbəqələrdən olan uşaqlarla bağlı sosial reabilitasiya sisteminin institusional və texniki baxımdan dəstəklənməsində UNICEF-lə əməkdaşlığın uğurlu nəticələri vardır. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında da bu təşkilatın göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Əldə olunan müsbət əməkdaşlıq təcrübəsi əsasında ötən ilin iyununda UNICEF-in Azərbaycan nümayəndəliyi ilə ƏƏSMN arasında 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planı imzalanıb.
Nazir deyib ki, Fəaliyyət Planına uyğun olaraq, uşaqlarla bağlı sosial xidmətlər sisteminin inkişafı, bərpa mərkəzlərində sosial reabilitasiya imkanlarının artırılması, sosial sifarişlər üzrə prioritetlərin müəyyənləşdirilməsi, çətin həyat şəraitində olan uşaqların və ailələrinin sosial xidmətlərə çıxışının texniki dəstəklənməsi və s. sahələrdə birgə işlər aparılır. ƏƏSMN-in sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan layihələr üzrə sosial cəhətdən həssas uşaqlar və onların ailələri müxtəlif növ sosial xidmətlərlə əhatələnib. Hazırda bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün konkret yanaşma, monitorinq və qiymətləndirmə meyarlarını nəzərdə tutan strategiyanın hazırlanması işləri aparılır. Bu vacib işlərdə də UNICEF-lə əməkdaşlığın xüsusi önəmi vardır.
Xanım M.Puarye Azərbaycanda uşaqların müdafiəsi sahəsində aparılan fəal dövlət siyasətinin, o cümlədən ölkəmizdə dövlətin sosial sifarişləri əsasında müvafiq təbəqələrdən olan uşaqların və onların ailələrinin ehtiyac duyduqları sosial xidmətlərlə təmin olunmasının və bu sahədə fəaliyyətin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi işlərinin UNICEF tərəfindən alqışlandığını vurğulayıb. O, ƏƏSMN və UNICEF arasında birgə səmərəli fəaliyyətin gələcək əməkdaşlığın inkişafı üçün yaxşı əsas formalaşdırdığını qeyd edib.
Görüşdə ƏƏSMN-in sosial sifarişləri üzrə sosial xidmətlər göstərilməsi təcrübəsinin davam etdirilməsi, gələcəkdə həmin xidmətlərin dairəsinin genişləndirilməsi, uşaqların dövlət internat evlərinə verilməsi hallarının qarşısının alınması sahəsində aparılan işlər, sosial xidmət standartlarının hazırlanması və tətbiqi məsələləri müzakirə olunub. Habelə ƏƏSMN tərəfindən UNICEF-lə əməkdaşlıq şəraitində sosial sifarişlərin icrası ilə bağlı minimal keyfiyyət zəmanəti sisteminin (elektron məlumat və monitorinq sisteminin) yaradılması, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası çərçivəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanunun qəbul edilməsi, ötən il Cenevrədə keçirilən görüşün müzakirə mövzularından olan uşaqlar arasında yoxsulluğa dair sorğunun keçirilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
