Bakı, 18 mart, AZƏRTAC
Humanitar və texniki fənlər üzrə məktəblilər arasında keçirilən respublika fənn olimpiadalarının yarımfinal mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 3.700 şagirdin iştirak etdiyi respublika fənn olimpiadalarının yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda 11 mərkəzdə keçirilib.
İştirakçılara 25-30 test tapşırığı təqdim olunub. Qaydalara uyğun olaraq, şagirdlər 90 dəqiqə ərzində humanitar fənlər (Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya) üzrə, üç saat ərzində texniki (riyaziyyat, fizika, kimya, biologiya və informatika) fənlər üzrə sualları cavablandırıblar. Respublika fənn olimpiadalarının bu mərhələsində informatika üzrə imtahanlar kompyuter əsaslı olub və üç mərkəzdə -Bakı, Gəncə və Naxçıvanda keçirilib.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən, səkkiz fənn üzrə 400-dək namizədin növbəti mərhələdə – finalda iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, fənn olimpiadaları üç mərhələdən ibarətdir.
Olimpiadanın birinci rayon (şəhər) mərhələsində səkkiz fənn üzrə 22.000 şagird iştirak edib.