Gəncə, 18 mart, AZƏRTAC
Gəncə haqqında çox eşitmişdim. Ancaq etiraf edim ki, onun bu qədər füsunkar olduğunu təsəvvür etmirdim. Xüsusilə burada aparılan abadlıq və quruculuq işləri bu qədim şəhərin simasını demək olar ki, başdan-başa dəyişib.
Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçısı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun 1 nömrəli orta məktəbinin XI sinif şagirdi Rəfail Fərzəliyev AZƏRTAC-a deyib.
Gəncə ilə tanışlığın onda doğurduğu təəssüratı paylaşan R.Fərzəliyev bildirib ki, şəhərdə abadlıq və quruculuq işləri aparılarkən Naxçıvan kimi bu diyarın da qədimliyi qorunur.
O qeyd edib ki, Gəncəyə səfərindən çox məmnundur. Naxçıvana qayıdarkən bu qədim diyarla bağlı xoş təəssüratlarını sinif yoldaşları ilə bölüşəcək.