Zərdab, 17 mart, AZƏRTAC
Novruz bayramı ərəfəsində Zərdabda sahibkarlarla və kəndli fermerlərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən görüşdə 100 nəfərədək sahibkar iştirak edib. Görüşdə rayonun sosial-iqtisadi inkişafında sahibkarların, habelə kəndli fermerlərin mühüm qüvvə olduğu diqqətə çatdırılıb.
Çıxışlarda özəl sektorun inkişafına göstərilən dövlət qayğısından danışılıb, Prezident İlham Əliyevin ötən il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının bu sahədə mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, təkcə 2014-cü ildə rayonda 17 hüquqi, 230 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçməklə fəaliyyətə başlayıb. Son illərdə tikilən müasir tipli çoxsaylı sahibkarlıq obyektləri rayonun sosial mənzərəsini xeyli dəyişib.
Görüşdə yeni sahibkarlıq obyektlərinin inkişafı zamanı müasir və milli memarlıq üslubunun gözlənilməsi, ərazilərin abadlaşdırılması, təmizliyə ciddi riayət edilməsi, əhaliyə nümunəvi xidmət göstərilməsi, qida məhsullarının keyfiyyətinə xüsusi nəzarət olunması, Novruz bayramı ərəfəsində qiymətlərin süni surətdə artırılmasına yol verilməməsi və digər məsələlər ətrafında da geniş müzakirələr aparılıb.