Son illər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir çox işlər görülür. Belə ki, əvvəllər vətəndaşları get-gələ salan prosedurlar indi elektron variantda hazırlanmaqla sadələşdirilir. 2014-cü ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə 14 yeni elektron xidmətin yaradılması təmin edilib. Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Ən son isə komitədə daşınmaz əmlak üzrə sənədlərin vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi prosesinin sadələşdirilməsi prosesi üzərində işlər aparılır. Söhbət vətəndaşlara daşınmaz əmlakla bağlı sənədləri öz adlarına rəsmiləşdirməyə imkan verən xidmətdən gedir. Belə ki, artıq vətəndaş notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqısı haqqında müqaviləni öz adına keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə getməyəcək. Vətəndaşlar müvafiq müraciəti Xidmətə elektron formada göndərəcəklər. Bu xidmətin yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirilir.Nüsrət İbrahimli: “Təkrar qeydiyyat sahəsində xeyli iş görülüb”
Mövzu ilə bağlı qəzetimizə danışan “MBA Konsaltinq” Şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirdi ki, daşınmaz əmlak sahəsində elektronlaşdırılan xidmətlərin sayı 31-dir və yaxın bir-iki il ərzində bu rəqəmin 34-35 olacağı gözlənilir: “Əvvəlki qaydaya görə notariusda alqı-satqıya getmək üçün əvvəlcə Forma 1 alınırdı. Buna isə bir həftədən bir aya qədər vaxt gedirdi. Notariusda alqı-satqı edəndən sonra həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim olunmalıydı. Həmin sənədin hazırlanıb vətəndaşa verilməsi üçün isə bir ay vaxt tələb olunurdu. Amma bütün o prosedurlar sadələşdirilib. İndi Forma 1 tələb olunmur və bunu notarius özü elektron formada həll edir. Vətəndaş notariusda alqı-satqı edəndən sonra müqaviləsini reyestr xidmətinə təqdim etməlidir. Hazırda vətəndaşın həmin müqavilə ilə Dövlət Reyestri Xidmətinə getməməsi üzərində işlər aparılır. Elektron formada həmin alqı-satqı müqaviləsini notarius özü reyestr xidmətinə göndərəcək. Reyestr xidməti isə onu hazırlayandan sonra vətəndaş həmin çıxarışı və texniki pasportu hazır şəkildə götürə biləcək. Rüsumların ödənişi də elektron formata keçirilib. Vətəndaş bankla və ya evində oturub kartı vasitəsilə ödənişini həyata keçirə bilər. Ərizə ilə müraciətlər elektronlaşdırılıb. Vətəndaş elektron qaydada hansısa bir sorğu ilə müraciət edib, sualına cavab ala bilər”.
N.İbrahimlinin sözlərinə görə, daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində xeyli iş görülsə də, ilkin qeydiyyatla bağlı problemlər hələ də qalmaqdadır: “İlkin qeydiyyat istiqamətində də müəyyən irəliləyişlər olsa, yaxşı olar. İlkin qeydiyyat məsələsinin hamısını Dövlət Reyestri Xidmətinə aid etmək olmaz. Reyestr xidməti ilə yanaşı, bələdiyyənin, yerli icra hakimiyyətinin, işıq, qaz, kanalizasiya, su və s. xidmət sektorlarının da iştirakı olmalıdır. Sadaladığım sturukturların hər biri ilkin qeydiyyatda iştirak etməlidirlər. Bunun da birgə iş mexanizmini hazırlayıb vətəndaşlar üçün daha asan yollar təqdim etmək olar. Vətəndaş torpaq alıb, orada ev tikib, lakin onu qeydiyyata salma prosedurları bu gün heç də asan deyil. Əvvəlcə torpağı qeydiyyatdan keçirməli, icra hakimiyyətindən icazə almalıdır. Ev tikəndə texniki şərtləri kommunal sektorlardan almalıdır. Daha sonra icraya gedib onun istismar aktını almalıdır. Sonra reyestr xidmətinə getməlidir. Bu kimi xidmətlər də elektronlaşdırılsa, vətəndaşların işləri asanlaşar”.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində Azərbaycanda son illər ciddi addımlar atıldığını deyən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov bildirdi ki, 6 ilə yaxındır ölkədə Dünya Bankının dəstəyi ilə icra olunan Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində bir çox işlər görülüb, müxəlif kampaniyalar həyata keçirilib. Həmin layihədə dövlət əmlakının özəlləşdirilməsi proqramlarının icrası, eyni zamanda,vətəndaşların mülkiyyətinə verilən mənzil və fərdi yaşayış evləri ilə bağlı məsələlər öz əksini tapır: “Layihə icra olunmamışdan əvvəl bütövlükdə Azərbaycanda mənzil fondunun təqribən 40 faizi özəlləşdirilmişdi. Bu il Azərbaycanda mənzillərin 90 faizdən çoxu özəlləşdirilib, ayrı-ayrı vətəndaşların mülkiyyətinə keçirilib. Bu proqram çərçivəsində ünvan reyestrinin aparılması, eyni zamanda, torpaqların yeni kadastr planının hazırlanması kimi məsələləri misal çəkmək olar”.
R.Osmanov deyir ki, elektron hökumətə keçidlə bağlı daşınmaz əmlakın qeydiyyatı sahəsində müəyyən problemlər var: “Fəaliyyət, islahat varsa, orada problemlərin olması normaldır. Ünvan reyestrinin aparılması ilə bağlı işlər tam başa çatdırılmayıb. Elektron hökumət çərçivəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müəyyən çətinliklər var. Eyni zamanda, qanunvericiliyin icrası və yeni normativ hüquqi bazanın yaradılması baxımından addımlar atıldıqca, bu istiqamətdə müxtəlif problemlər meydana çıxır və çıxmalıdır. Yəqin ki, müəyyən zaman kəsiyində bu problemlər aradan qaldırılacaq. Əvvəl Forma 1 dediyimiz sənəd var idi. O sənəd konkret daşınmaz əmlakın üzərində hər hansı bir girovun olub-olmamasını ehtiva edirdi. Həmin Forma 1 arayışı vətəndaşa 15 günə verilirdi. Bu gün həmin sənəd notariat kontorunda 5 dəqiqənin içərisində elektron qaydada həll olunur. Reyestr nömrəsi bazaya daxil olunan kimi dərhal onun Forma 1-ni almaq mümkün olur. Qeydiyyatla bağlı çıxarış və texniki pasportun alınması ilə bağlı məqamlar da qarşıdakı dövrlərdə həllini tapacaq. Bu istiqamətdə işlər görülür. Onun nə qədər vaxta yekunlaşacağını söyləmək çətindir. Çünki burada texniki məsələlərlə yanaşı, bəzi qanunauyğunluqlar da nəzərə alınmalıdır. Bəzən müəyyən addımı atdıdan sonra onun müvafiq qanunvericiliyin tələblərinə zidd olduğu məlum olur. Bunun üçün müvafiq normativ hüquqi sənədlərin hazırlanmasına ehtiyac var. Bu, prosesi bir qədər ləngidir. Yəqin ki, sentyabr ayına bu məsələlər öz həllini tapar”.
R.Osmanovun sözlərinə görə, ilkin qeydiyyat da daxil olmaqla daşınmaz əmlakla bağlı bütün məsələlər elektronlaşdırılıb, vətəndaşlar üçün asan formada təqdim oluna bilər: “Bu yaxınlarda Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq Vergilər Nazirliyi daşınmaz əmlakların alqı-satqısı və idarə olunması zamanı onların vergiyə cəlb olunması ilə bağlı yeni qaydaların tətbiq olunmasına başladı. Daşınmaz əmlakın vergiyə cəlb olunması, xüsusilə alqı-satqı zamanı buna nəzarət olunması üçün mütləq şəkildə elektron hökumət çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi, Qeydiyyat və Noratiat Baş İdarəsi və Vergilər Nazirliyinin birgə əməkdaşlığı həyata keçirilməlidir. Burada informasiyaların elektron qaydada bazaya yerləşdirilməsi və həmin informasiyalara nəzarət olunması prosesi həyata keçiriləcək. Təkrar qeydiyyatla bağlı bir çox məsələlərin “Asan xidmət”də həyata keçirilməsi ilə bağlı ötən il bəzi addımlar atıldı. Daşınmaz əmlakla bağlı ilkin qeydiyyatın da tədricən elektronlaşdırılması və “Asan xidmət”də həyata keçirilməsi məsələsi müzakirə olunur. Yəqin ki, bu məsələlər ilin sonuna qədər həllini tapacaq”.
Kaspi.az