Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın Quba rayonundakı Qırmızı Qəsəbə məktəbində bahar və yenilənmə bayramı Novruzun gəlişi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu tədbir haqqında “Dostluq və tolerantlıq tərbiyəsi” adlı material Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında dərc edilib.
Materialda qeyd edilir ki, məktəbin bayramsayağı bəzədilmiş idman zalında 150-dən çox insan – tədris müəssisəsinin müdiriyyəti, müəllimlər, şagirdlər və qonaqlar toplaşıb. Məktəbin direktoru Yauşva Simanduyev bayram tədbirinin iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara öz xeyirxah əməllərində yeni uğurlar arzulayıb.
Qırmızı Qəsəbədə Novruz şənliyi “Mavi işıq” formasında keçirilib. Məktəblilərin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Müəllimlər və bayramın fəxri qonaqları şənlik iştirakçılarına xoş arzularını bildiriblər.
Məktəbin direktoru Yauşva Simanduyev Novruz şənliyi başa çatandan sonra Yəhudi Xəbər Agentliyinə verdiyi müsahibədə vurğulayıb: “Novruz Azərbaycanın bütün sakinlərinin sevimli bayramıdır. Bu bayramı azərbaycanlılarla bərabər yəhudilər və digər etnosların nümayəndələri də qeyd edir. Novruzdan az sonra yəhudilər Pesax bayramını qeyd edirlrə. Yəhudilərin azadlıq bayramı sayılan bu şənliyin sevincini respublikadakı digər etnosların və konfessiyaların nümayəndələri də bizimlə bölüşürlər. Azərbaycan etnoslarını birləşdirən bu cür hadisələrdə ölkəmizdə xalqlar dostluğu və həmrəylik, Azərbaycana xas olan tolerantlıq və multikulturalizm daha da möhkəmlənir”.
Qırmızı Qəsəbə məktəbində Novruz şənliyinə bənzər tədbirlər xalqların mədəniyyətlərini qarşılıqlı zənginləşdirir. Ona görə də biz Novruzu, Pesaxı bayram edərkən ümummilli lider Heydər Əliyevin bir kəlamının nə qədər müdrik olmasını daha dərindən başa düşürük. O deyirdi: “Azərbaycanın gücü respublikanın dini və milli müxtəlifliyindədir”.