Göyçay, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayda yaşayan bağban qadın şəxsi təsərrüfatında həmişəyaşıl ağaclar və gül kolları yetişdirir. Adətən bu işlə kişilərin məşğul olduğu halda, qadının bağbanlıq etməsi hamının marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, artıq 20 ildir öz həyətində palma ağacları yetişdirən Rəqiyə Qasımova bu sənətin sirlərini ixtisasca aqronom olmuş mərhum həyat yoldaşından öyrənib. Onun sözlərinə görə, palma ağacının toxumunu ilk dəfə 20 il öncə Gürcüstanın Soçi şəhərindən gətirərək həyətə əkib və sonra yetişən həmin ağacdan hər il toxum götürərək onun sayını artırıb. İldə yüzdən çox bəzək ağacı və gül kolu əkərək becərən bağban qadın, palmanın çox gec yetişdiyini və böyük zəhmətlə böyüdüyünü deyir.
Rəqiyə Qasımova palma ağacının hər il təxminən 5 santimetr böyüdüyünü, amma buna baxmayaraq işindən zövq aldığını, hər gün bağda 2-3 saat işlədiyini söyləyir. O, təbiət qoynunda fiziki işlə məşğul olmağın həm də sağlamlıq baxımından faydalı olduğunu deyir. O, həmişəyaşıl ağaclarını öz həyətində müştərilərə satdığını, eləcə də Göyçay və ətraf rayonlarda park və bağların, sosial və xidmət obyektlərinin ətrafının yaşıllaşdırılmasında onun yetişdirdiyi ağac və gül kollarından istifadə olunduğunu bildirib.
Ailəsini şəxsi təsərrüfatında bağbanlıq etməklə dolandıran Rəqiyə Qasımova bu sənətin incəliklərini hazırda azyaşlı nəvəsinə də öyrədir.
Göyçay və ətraf rayonlarda palma ağaclarının toxumunu əkib-becərməyi bacaran adamın olmadığını deyən bağban qadın, tez-tez ona müraciət edən kişi aqronomlara və fərdi təsərrüfat sahiblərinə böyük palma ağaclarının yetişdirilməsi üçün məsləhət də verir.
