Bakı, 17 mart, AZƏRTAC
Sosial şəbəkələrdə Emil Arzangulyan adlı şəxs tərəfindən Rusiyada aldığı sürücülük vəsiqəsində onun doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barədə yayılan məlumatla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi təlimat əsasında ölkəmizin Moskvadakı səfirliyi Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, Rusiya Xarici İşlər Nazirliyindən daxil olmuş notada rəsmi Moskvanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyi və Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur. E.B.Arzangulyan tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatın heç bir halda Rusiyanın bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır.
Notada, həmçinin Rusiya Daxili İşlər Nazirliyinin 2009-cu il 13 may 365 nömrəli tarixli əmri ilə təsdiq olunmuş Rusiyada sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barədə məlumat verilir. Notada E.B.Arzangulyanın müəyyən edildiyi kimi Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir.