Bakı, 17 mart, Ə.Məmmədov, A.Quluzadə, AZƏRTAC 
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilib. Ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq aləmə inteqrasiya davam etdirilib.
Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov martın 17-də parlamentin iclasında söyləyib. Sədr bildirib ki, 2014-cü ildə ölkəmizdə ümumi daxili məhsulun istehsalında 2,8 faiz artım əldə olunub. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir vaxtda, bu, məqbul nəticə hesab oluna bilər. Qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil edib. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı investisiyalar üçün cəlbedici olaraq qalmaqdadır. 2014-cü ildə sosial-iqtisadi, infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici sərmayələrin payına düşür.