Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Universitetində “Birinci tələbələrarası Biznes İdarəetmə bilikləri Olimpiadası”nın ilk turu keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, birinci mərhələdə iştirakçılara ümumilikdə 100 bal həcmində qiymətləndirilən 50 sual təqdim olunub. Üç kateqoriyaya bölünən suallar iqtisadiyyat və idarəetmə elmlərindən ibarət 15 müxtəlif sahəni əhatə edib.
Test şəklində təqdim edilən sualların çətinlik dərəcəsinə uyğun olaraq 1.5, 2 və 3 balla qiymətləndirilməsi nəzərdə tutulur. Müvəffəq bal toplayanlar martın 28-də Azərbaycan Universitetinin əsas tədris binasında keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar.
Final mərhələsində ən yüksək bal toplayan üç qalibə diplom və qiymətli hədiyyələr, bütün finalçılara isə sertifikatlar veriləcək.
Layihədə iştirak üçün ölkənin müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, biznesin idarə olunması sahəsinə maraq göstərən 346 tələbə gənc müraciət edib.