Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası və Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sığortalı gənclik” layihəsi çərçivəsində “QHT İdarəetmə Akademiyası”nın (QİDA) yaz sessiyası çərçivəsində gənclər yeni imkan əldə ediblər.
Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, gənclər “Sığortanın Əsasları” təlim proqramının iştirakçısı olmaqla, sığorta mədəniyyətini mənimsəmək, sığorta sahəsində çalışmaq imkanı qazanıblar.
Təlim proqramı iştirakçılara sığorta ilə bağlı mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, sığorta mədəniyyətini formalaşdıran amillər, müqavilə, təkrar sığorta, sığorta riskləri barədə biliklərini artırmaq və dünya görüşünü genişləndirmək imkanı yaradıb.
Gənclər Təşkilatları Milli Şurasının ofisində keçirilən tədbirdə 20 gənc iştirak edib. Layihə çərçivəsində keçirilən oyunun qaliblərinə “Buta Sığorta” şirkəti tərəfindən hədiyyələr təqdim olunub.
Assosiasiyanın ekspertləri tərəfindən tədris olunan proqramın yüksək fəallıq və nəticə göstərən iştirakçıları proqramın növbəti mərhələlərində təşkil olunacaq uzunmüddətli təlim kursunda iştirak etmək və sığorta şirkətlərində təcrübə keçmək imkanı qazanacaqlar.
“Sığortanın əsasları” təlim proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən QİDA proqramı və Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sığortalı gənclik” layihəsi çərçivəsində təşkil olunur.