Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutu direktorunun müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Roida Rzayevanın “Postmodern və multikulturalizm: fənnlərarası diskurs” adlı növbəti kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya postmodern fenomeni, onun törəmə sözləri və multikulturalizmin fənlərarası təhlilinə həsr olunub.
Monoqrafiya müəllifin ayrı-ayrı kitabların fəsillərində və beynəlxalq nəşrlərdə dərc edilmiş tədqiqatının davamıdır. Alimin bu istiqamətdə ilk araşdırmaları 2001-ci ildə olub. Tədqiqatların ayrı-ayrı müddəaları müəllifin respublika və xarici nəşrlərdə dərc olunmuş 120-dən çox əsərində əksini tapıb. Araşdırmanın nəticələri 15 ölkədə beynəlxalq konfranslarda məruzə edilib.
Tədqiqatın metadili (açar dili) kimi fəlsəfi təhlildən istifadə olunub. Nəşrdə postmodernin və müasir fəlsəfənin bir sıra problemlərinin analizi ilə yanaşı, multikulturalizmin elmi-metodoloji tərəfləri və onun postmodernizmin fəlsəfi əsasları ilə əlaqəsi işıqlandırılıb. Kitabda müasir cəmiyyət və şüur, fənlərarası dialoq, poststrukturalizm, dialoqun fəlsəfəsi, modernin postmodernlə əlaqəsi, postmoderndə qloballaşma, dekonstruksiya, “başqası” və s. məsələlər təhlil olunub.
Monoqrafiyada ictimai şüurun rolu və əhəmiyyəti, onun dinamik və reflektiv mahiyyəti təhlil olunub, dəyər şüurunun transformasiyası probleminə və postmodern şəraitdə qazandığı xüsusiyyətlərə xüsusi diqqət yetirilib. Postmodernizmin paradiqmal təhlilinin tərkib hissələri kimi qeyd olunan bəzi müddəalar və tezislər isə tədqiqatın ikinci cildində inkişaf etdiriləcək.
Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən alimlərə, postmodernizm və multikulturalizm anlayışları ilə bu və ya digər dərəcədə əlaqədar proseslərin problematikasını tədqiq edən mütəxəssislərə tövsiyə olunub. Monoqrafiya dərs vəsaiti kimi də istifadə edilə bilər.