Bakı, 16 mart, AZƏRTAC
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) “Qlobal Pul Həftəsi” çərçivəsində bir sıra silsilə tədbirləri davam etdirir.
Belə tədbirlərin davamı olaraq Binəqədi rayonunda yerləşən 126 saylı orta məktəbin V və VI sinif və Səbail rayonunda yerləşən 160 saylı orta məktəbin IX, X və XI sinif şagirdləri ilə TİM-in bir qrup əməkdaşlarının görüşü keçirilib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə “Qlobal Pul Həftəsi” haqqında ətraflı məlumat verilib, “Pul nişanlarını tanıyın” və “Pul haqqında 10 maraqlı fakt” mövzusunda təqdimatlar olub. İnteraktiv formada təşkil edilmiş təqdimatlar zamanı pulun yaranma tarixi, milli əsginazların üzərindəki simvolların mənaları və ölkədə aparılan pul islahatlarına dair maraqlı faktlar məktəblilərin diqqətinə çatdırılıb.
Tədbir zamanı məktəblilər arasında pulun müasir cəmiyyətdə rolu, qənaət, investisiya və s. mövzularda müzakirələr aparılıb, mövzuya dair onlara maraqlı video filmlər nümayiş etdirilib. Eyni zamanda, şagirdlər arasında sual-cavab keçirilib, müzakirələrdə fəal iştirak edən və fərqlənən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Qlobal Pul Həftəsi hər il mart ayının ikinci həftəsində xüsusilə uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılması məqsədilə dünyanın 80-dən çox ölkəsində keçirilir. Bu ilki Qlobal Pul Həftəsi tədbirləri martın 9-dan 17-dək “Bu gün qənaət etmək təhlükəsiz gələcək deməkdir” devizi altında təşkil edilir.