Hindistanda unikal cərrahiyyə əməliyyatı keçirilib. 4 yaşlı Şivam Kumarın mədəsindən nə az, nə çox - 1,874 kq ağırlığında saç çıxarılıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Şivam yemək yeyə bilmir, yalnız su içirdi. Qorxuya düşmüş valideynlər oğlanı həkim müayinəsinə aparıblar.
Müayinə aparan həkimlər heyrətləniblər. Çünki Şivam Kumarın köpmüş qarnının böyüməsinin səbəbi onun mədəsindəki saç idi.
Rentgen müayinəsi 4 yaşlı Şivam Kumarın qarnında böyük saç topasının olduğunu göstərib.
 
Əməliyyat aparılıb və Şivamın mədəsindəki saç topası çıxarılıb.
Həkimlərin dediklərinə görə, son 9 ay ərzində Şivam başındakı tükləri tədricən yolaraq yeyib və bunun nəticəsində onun mədəsində saç topası formalaşıb.
 
Şivam isə normal qidalana bilmədiyi üçün arıqlayıb, halsızlaşıb.
 
Trixofagiya sindromuna mübtəla olmuş Şivamın bundan sonra da saçını yeməsinə yol verməmək üçün valideynləri oğlanın başını daz qırxıblar.
Şivamın atası, 36 yaşlı Sunil Kumar deyir: "O, sürəkli ağlayır, inildəyirdi. Dərdini də anlada bilmirdi. Çox həkimin yanına apardıq, amma kimsə oğlumun düçar olduğu azarı dəqiqləşdirə bilmədi. Amma Dehlidə həkimlər onun qarnında saç topası olduğunu deyəndə şoka düşdüm".
Şivamın anası, 28 yaşlı Munni Devi Dehlidəki xəstəxananın həkimlərinə minnətdardır.
 
"Onlar olmasaydılar, oğlum ölə bilərdi", - M.Devi söyləyib.
 
Şivam Kumar trixofagiya və ya trixotillomaniya xəstəsidir. Belə şəxslər kompulsiv olaraq saçlarını udurlar.
 
Milli.Az