Bakı, 16 mart, AZƏRTAC 
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyəti lifli sement lövhələri istehsal edəcək. Bu məqsədlə ildə 6 milyon kvadrat metr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavodun inşasına başlanılıb. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz olunacaq zavodda 150-200 nəfərin işləyəcəyi nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a məlumat verilib.
Bildirilir ki, istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni müəssisənin layihələndirilməsi, müasir texnologiyalarla təchiz edilməsi işləri Avstriyanın “MFL” şirkətinə həvalə edilib.