Bakı, 16 mart, AZƏRTAC
2015-ci il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 25 min 368 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43 faiz artıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 19 min 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 milyon 783 min 370 nəfər) kişi, 40,9 faizi (1 milyon 235 min 733 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5 faizini (741 min 96 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini (671 min 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (634 min 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (634 min 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1 faizini (336 min 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.