Bakı, 15 mart, AZƏRTAC 
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank rüblük əsasda ölkə üzrə iqtisadi icmalın növbəti buraxılışını dərc edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, icmalda 2014-cü ildə qeyri-neft sektorunun inkişafı hesabına ölkə iqtisadiyyatında artımın və iqtisadiyyatın neft gəlirlərindən asılılığının azaldılması və qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsinin davam etdiyi göstərilib.
Qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq, il ərzində dayanıqlı makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub saxlanılıb. Mərkəzi Bankın prudensial siyasəti istehlak kreditlərinin artım tempinin azalmasına səbəb olub, real sektorun kreditləşməsi isə genişlənib.
Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyması, qeyri-neft sektorunun diversifikasiyası və iqtisadiyyatın struktur dəyişikliyi, eyni zamanda, daxili və xarici bazarda artan rəqabət bankın fəaliyyət göstərdiyi makro mühitin yaxından təhlilinə zərurət yaradır. PAŞA Bankın iqtisadi araşdırmalar şöbəsinin rəhbəri Elman Eminov qeyd edib ki, icmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas iqtisadı siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir.
Azərbaycan və ingilis dillərində hazırlanan, bankın mövcud və potensial korporativ müştəriləri üçün nəzərdə tutulan icmal onların biznes hədəflərinə çatmaq üçün makro və mikro iqtisadi inkişaf meyllərini daha yaxından təqib etmələrinə imkanı yaradacaq.