[ 14 Mart 2015 02:09 ]


Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtında 47 xarici kütləvi informasiya vasitələrinin nümayəndələri press-tur çərçivəsində keçirilən seminarda iştirak ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan gələn jurnalistlər Gürcüstanın gəzməli yerlərinə də baş çəkəcəklər.

 

Press-turda Azərbaycanı 9 KİV nümayəndəsi təmsil edib.  Gürcüstan Milli Turizm Agentliyinin administrasiyasının məlumatına görə, KİV nümayəndələri Msxeta, Siqnaxi, Tsinandali, Qudauri, Qori, Tsxaltubo, Axaltsixe və Batumiyə səfər edəcəklər.

 

Gürcüstana səfər edən xarici jurnalistlər ilk tədbir kimi Tiflisdə təşkil olunan və turizmdən bəhs edən beynəlxalq media-forumda iştirak ediblər. Tədbirdə  Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze jurnalistlər qarşısında çıxış edərək agentliyin vəzifə və planları barədə ətraflı məlumat verib.

 

G. Goqovadze çıxışında Azərbaycanın turizm və digər sahələrdə Gürcüstanın əsas tərəfdaşı olduğunu bildirib.