Bakı, 13 mart, AZƏRTAC
Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru xanım Ziqlinde Hartman hər il olduğu kimi bu il də Bakı Slavyan Universitetinin (BSU) tələbələrinə orta əsrlər alman ədəbiyyatından silsilə mühazirələr deyir. BSU-nun fəxri professoru, alman filologiyası kafedrası əməkdaşlarının sevimlisi Z.Hartman mühazirələri ilə tələbələrə alman dilinin və ədəbiyyatının dərindən mənimsənilməsində yaxından kömək göstərir. Z.Hartmanla birlikdə Vürsburq Universitetinin professoru Urlike Ayzenhut da BSU-da mühazirələr oxuyur. Artıq üç həftədir ki, universitetin germanşünas tələbələri alman dilində aparılan mühazirələrdə fəal iştirak edirlər.
Tələbələr Z.Hartmanın mühazirələrinin onlar üçün çox faydalı olduğunu bildirirlər. Bu kimi görüşlər tələbələrə alman dilinin incəliklərinə yiyələnməkdə kömək edir.
BSU-dan AZƏRTAC-a bildirilib ki, mühazirələrin yekunu ilə bağlı martın 13-də Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində alman professorların iştirakı ilə ədəbi-bədii gecə keçirilib. Gecədə orta əsrlər alman ədəbiyyatından nümunələr, almanca nəğmələr səsləndirilib. Tələbələrin iştirakı ilə F.Kafkanın “Çevrilmə” əsərindən parça səhnələşdirilib, lisey şagirdləri isə almanca şeir və mahnılar ifa ediblər.
Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Almaniya və Avstriya səfirliklərinin nümayəndələri, DAAD-ın (Alman Akademik Mübadilə Xidməti) rəhbəri Stefaniye Dufauks iştirak ediblər.
Sonda professor A.Hacıyev və S.Dufaux tədbir iştirakçılarını bu uğur münasibətilə təbrik edib, almaniyalı professorlara təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Ziqlinde Hartman BSU ilə Almaniyanın Yohannes Qutenberq Universiteti, Mayns və Osvald fon Volkanştayn Cəmiyyəti arasında “Kitabi - Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihə çərçivəsində artıq bir neçə ildir ki, universitetlə sıx əməkdaşlıq edir. Layihə BSU-nun xarici ölkə universitetləri və mədəniyyət mərkəzləri ilə çoxşaxəli əməkdaşlığı üçün də yeni imkanlar yaradır.
