Bakı, 13 mart, AZƏRTAC
İctimaiyyət nümayəndələrinin, sahibkarların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə miqrasiya sahəsində baş verən yeniliklərlə bağlı məlumatlandırılması və maarifləndirilməsi istiqamətində görüşlər davam etdirilir.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xidmət ilə İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi müşavirədə də son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli sosial-iqtisadi inkişafın nəticəsi olaraq xarici miqrantların təkcə Azərbaycan paytaxtına deyil, respublikamızın bölgələrinə də üz tutduqlarına diqqət çəkilib. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev İmişlidə həyata keçirilən abadlıq-quruculuq işlərindən, kənd təsərrüfatının inkişafı, yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı atılan addımlardan söhbət açıb, xarici sərmayəçilərin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi marağı qeyd edib. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı mühüm işlər görüldüyü bildirilib. Bu sahədə beynəlxalq təcrübənin öyrənildiyi, mükəmməl qanunvericiliyin yaradıldığı vurğulanıb. Qeyd edilib ki, mütəmadi hal alan genişmiqyaslı maarifləndirmə tədbirləri bu yeniliklərin diqqətə çatdırılması üçün öz səmərəsini verir.
Baş miqrasiya xidməti müşaviri Siyasət Alıyev Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklərdən ətraflı danışıb. Respublikamıza təşrif buyuran, ölkəmizdə olmasını və yaşamasını leqallaşdıran hər bir əcnəbinin hüquq və azadlıqlarının qanunla qorunduğu konkret faktlarla diqqətə çatdırılıb, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü bildirib.
Görüşdə işəgötürən tərəfindən ölkə qanunvericiliyinin tələblərini pozmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədilə müntəzəm olaraq həyata keçirilən mübarizə tədbirləri haqqında da məlumat verilib.
Dövlət başçısının diqqət və qayğısı əsasında nəinki Xidmətin aparatında, həmçinin tam gücü ilə fəaliyyət göstərən regional miqrasiya idarələrində yüksək şəraitin yaradıldığı vurğulanıb.
Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri ilə DMX-nin aparatında təşkil olunmuş görüşdə isə Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan əcnəbi şagirdlərin ölkədə yaşamalarının qanuniləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu istiqamətdə birgə müvafiq iş aparılmasının, məktəb direktorlarının bu prosesdə yaxından iştiraklarının zəruriliyi əsaslandırılıb.