Bakı, 13 mart, AZƏRTAC
UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Mari-Pyer Puarye martın 16-da Azərbaycana gələcək.
Təşkilatın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, səfər zamanı keçiriləcək görüşlərdə təcrid olunmuş uşaqların hüquqlarının həyata keçirilməsi ilə bağlı UNICEF və Azərbaycan arasında əməkdaşlığın bir hissəsi kimi əldə edilmiş nailiyyətlər və bu sahədə mövcud çətinliklər müzakirə olunacaq.
Hazırlanmaqda olan UNICEF-lə Azərbaycan Hökuməti arasındakı 2016-2020-ci illər üçün yeni əməkdaşlıq proqramı diqqəti ən çox təcrid olunmuş uşaqlara yönəldəcək. Bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapmış qadın və uşaqların rifahının yaxşılaşdırılmasına da öz töhfəsini verəcək.