Bakı, 13 mart, AZƏRTAC
Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülüb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında akademiyanın prezidenti, akademik Akif Əlizadə Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adının diplomunu və medalını təqdim edib. AMEA-nın prezidenti X.Yusifzadəni Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” fəxri adına layiq görülməsi münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb. Akademik X.Yusifzadə elmi yaradıcılığının bundan sonra da neft elmi sahəsində yeni-yeni nailiyyətlərə yol açacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə ötən ilin dekabrında Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. Dünyanın nüfuzlu elmi mərkəzlərindən sayılan Rusiya Təbiət Elmləri Akademiyası 1991-ci ildə görkəmli elm xadimləri, Nobel mükafatı laureatları tərəfindən yaradılıb. Hazırda akademiya öz sıralarında dünya şöhrətli 200-dən artıq alimi birləşdirir. Bunlardan bir çoxu Rusiya Elmlər Akademiyasının və digər akademiyaların həqiqi üzvləridir. AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə həm də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.

