Lerik, 12 mart, AZƏRTAC
Martın 12-də Lerik rayonunun Qosmalian kənd ərazi icra nümayəndəliyində vətəndaşlarla səyyar görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rövşən Bağırov son illər rayonda sosial-iqtisadi sahədə görülmüş işlər, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri barədə məlumat verib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonda yeni məktəb binaları, səhiyyə ocaqları və digər sosial obyektlər tikilir, yollar salınır, əhalini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin etmək istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
R.Bağırov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ayrılmış dövlət vəsaiti hesabına Qosmalian kəndində və qonşu ərazilərdə yaşayan əhalinin müntəzəm istifadə etdiyi Lerik-Qosmalian-Kəlvəz avtomobil yolu əsaslı surətdə yenidən qurulub. Ərazinin yaşayış məntəqələrinin çoxu təbii qazla təmin edilib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı daim nəzarətdə saxlanılır.
Səyyar görüşdə çıxış edən kənd sakinləri ucqar dağ rayonu olan Lerikdə son illər aparılan tikinti-quruculuq və abadlıq işlərini, ərazilərin qazlaşdırılmasını, kənd yollarının asfaltlaşdırılmasını, yeni məktəb, səhiyyə, uşaq bağçaları və digər sosial obyektlərin tikildiyini qeyd edərək, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sakinlər, həmçinin “mavi yanacaq” olmayan yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilməsi, İran İslam Respublikası ilə sərhəddə gömrük sərhəd-keçid məntəqəsinin və ya həftə bazarının açılması, əkinəyararlı sahələrin suvarılması və əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə su bəndlərinin tikintisi, 35 yerlik Qosmalian kənd uşaq bağçasının əsaslı təmiri, yeni meyvə bağlarının və yaşıllıqların salınması, “Kənd təsərrüfatı ili” çərçivəsində əkin sahələrinin genişləndirilməsi, güzəştli kreditlərin, lizinq yolu ilə zəruri texnikaların uzun müddətə və aşağı faizlə məhsul istehsalçılarına verilməsi, rayonda emal müəssisələrinin yaradılması və imkansız ailələrə ünvanlı dövlət sosial yardımın təyin edilməsinə kömək göstərilməsi ilə bağlı təkliflərini bildiriblər.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Habil Əzənmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızın əldə etdiyi iqtisadi və siyasi uğurlar barədə söhbət açıb.
H.Əzənmədov ölkəmizin hər yerində olduğu kimi, Lerik rayonunda da sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər barədə məlumat verərək, vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibətini bildirib, verilən təkliflərin icrası ilə bağlı həyata keçiriləcək tədbirləri diqqətə çatdırıb.
Görüşün sonunda rayon icra hakimiyyəti başçısı R.Bağırov vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
