Bakı, 12 mart, AZƏRTAC
Rusiya FHN-in Volqayanı regional mərkəzinin rəisi İqor Panşin yanan ticarət mərkəzində təxminən 25 nəfərlə əlaqə yaratmağın mümkün olmadığını bildirib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, xilasetmə əməliyyatlarının aparılmasına azı iki gün lazım gəldiyini deyən İqor Panşin, həmçinin tikilinin çoxlu miqdarda metal konstruksiyadan ibarət olmasının xilasedicilərin işini çətinləşdirdiyini qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl dağıntılar altında 15 nəfərin qala biləcəyi ehtimal olunsa da, indiyə qədər onlardan yalnız biri təsdiqlənib. Belə ki, səhər saatlarında xilasedicilər daha bir nəfərin cəsədini aşkar etdikdən sonra ölənlərin sayı rəsmən 5 nəfərə yüksəlib. Yanmış binadan indiyədək 650 nəfər xilas edilib.
Yanğının ticarət mərkəzində qeyri-qanuni fəaliyyət göstərən kafedə baş verdiyi bildirilir. Mühafizəçi yanğını təkbaşına söndürməyə cəhd edib və yanğınsöndürənləri gec çağırıb. Nəticədə binanın 4 min kvadratmetr sahəsi yanaraq külə dönüb və tikilinin bir hissəsi dağılıb.