Bakı, 11 mart, Pərvanə İmanova, AZƏRTAC
Martın 11-də görkəmli memarlıq tarixçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı, “Şöhrət” ordenli Şamil Fətullayev son mənzilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, vida mərasimində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi AMEA-nın binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulmuşdu.
Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Şamil Fətullayevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış memar-alim Ş.Fətullayevin səmərəli elmi fəaliyyətindən, Azərbaycan memarlıq tarixinin inkişafındakı xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan elmi Ş.Fətullayevin simasında böyük alimini itirib. O, memarlıq məktəbinin görkəmli nümayəndələrindən biri idi. Ömrünün yarıdan çoxunu Azərbaycanda memarlıq tarixinin araşdırılmasına həsr edən Ş.Fətullayevin elmi irsi gələcək nəsillərə layiqli töhfədir. Görkəmli alimin sanballı elmi fəaliyyəti Azərbaycan memarlıq tarixinin parlaq səhifələrindən birini təşkil edir.
AMEA-nın rəhbəri Ş.Fətullayevin sənətşünaslıq sahəsində elmi məktəb yaratdığını, ömrünün 60 ilini Azərbaycan memarlığının inkişafına həsr etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklər əmələ gələn Azərbaycan şəhərlərinin tədqiqi alimin diqqət mərkəzində dayanıb, Bakı şəhərinin memarlıq tarixi isə onun bir neçə kitabının başlıca mövzusunu təşkil edib. Azərbaycan memarlığı və şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiqlənmiş neçə-neçə memarlıq abidəsinin aşkarlanmasında əhəmiyyətli rol oynayıb.
Vida mərasimində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxış edərək alimin Azərbaycan memarlığı və sənətşünaslığının inkişafındakı xidmətlərindən, zəngin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, görkəmli alimin sanballı elmi fəaliyyəti memarlıq və sənətşünaslıq elmimizin parlaq səhifələrindən birini təşkil edir.
Təvazökar və səmimi insan Ş.Fətullayevin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcəkdir.
Mərhumun ailəsi adından çıxış edən Elçin Əliyev alimin xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlığını bildirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salınıb.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!


