Bakı, 11 mart, AZƏRTAC
Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Vadim Sidyçenko Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, Fondun sədri Umud Mirzəyev qonağa təşkilatın 20 ildən çox təcrübəyə malik olması barədə məlumat verib və yaxın gələcəkdə qurumun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Diplomat, eyni zamanda, Bank Olmayan Kredit Təşkilatı “Avrasiya Kredit”in fəaliyyəti ilə yaxından tanış olub.
Tərəflər görüşün uğurlu keçdiyini və əməkdaşlıq üçün yeni imkanlar açdığını bildiriblər.
BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi onun xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.
