Bakı, 11 mart, AZƏRTAC 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə martın 3-dən 10-dək ölkə ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Samux rayonu ərazisində qanunsuz ov edən 3 nəfər naməlum şəxs saxlanılıb. Onlardan 3 ov tüfəngi və 6 patron götürülüb, barələrində qanunamüvafiq qaydada akt tərtib olunub. Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.
Reydlər davam etdirilir.