Bakı, 11 mart, AZƏRTAC
Azərbaycanda işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayında ƏƏSMN-in yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin müvafiq ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16 min 400 manat təşkil edib.
Bu vəsaitin 15 min 421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmətin gördüyü konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş iki nəfər öz əvvəlki işlərinə bərpa olunub.