Bakı, 11 mart, AZƏRTAC 
Xorvatiya Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xorvatiyanın xarici işlər nazirinin birinci müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi coğrafi regionlardakı təhlükəsizlik və qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
General-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqazda sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Xorvatiyanın İqtisadiyyat Palatasında olan müdafiə naziri Z.Həsənov palatanın sədri Luka Buriloviç ilə görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin perspektivlərini müzakirə ediblər.
Sonra Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş təqdimatlar olub.
Səfər davam edir.