[ 11 Mart 2015 12:18 ]



Bakı - APA. Sabah İstanbulun Kadir Has Universitetində “Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır” (“Türkiye-Ermenistan sınırı neden kapalı”) mövzusunda konfrans keçiriləcək.

 

APA-nın məlumatına görə, universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Dr.Mitat Çelikpalanın moderatorluq edəcəyi birinci panel “Türkiyə-Ermənistan sərhədi hansı səbəbdən bağlıdır? Sərhədin açılmasının Türkiyə-Ermənistan münasibətlərinə təsirləri” mövzusuna həsr olunub.

 

Paneldə Ankaranın TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti Sərdar Palabıyıkın “Sərhəd hansı səbəbdən bağlıdır və onun açılmasına kimlər qarşıdır?”, Ankara Atılım Universitetinin dosenti Hasan Ali Karasarın “Sərhədin açılmasının Ermənistan-Türkiyə münasibətlərinə təsiri nə ola bilər?” və Ərzurum Atatürk Universitetinin professoru dr. Kerem Karabulutun “Sərhədin açılmasının Türkiyənin Ermənistanla sərhəd bölgələrinə təsiri nə ola bilər?” mövzularında məruzələri planlaşdırılır.


“Sərhədin açılmasının regional və qlobal təsirləri” adlı ikinci paneldə Atatürk Universitetinin professoru dr. Kerem Karabulut moderatorluq edəcək. Paneldə dr. Mithat Çelikpalan “Sərhədin açılmasının Türkiyənin Cənubi Qafqaz siyasətinə gözlənilən təsirləri”, Abant İzzet Baysal Universitetinin professoru dr. Kamer Kasım “ABŞ-Aİ hansı səbəbdən Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir? Sərhədin açılması erməni diasporunun soyqırımı fəaliyyətinə təsir edə bilərmi?” və Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri dr. Cavid Vəliyev “Türkiyə-Ermənistan sərhədinin açılmasına Azərbaycanın münasibəti necə ola bilər? Sərhədlərin bağlı olması Dağlıq Qarabağ məsələsinə necə təsir edib və əgər sərhədlər açılsa, nə baş verə bilər” mövzularında çıxışlar edəcəklər.