Bakı, 11 mart, AZƏRTAC 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu Rəhbər Kadrların Fasiləsiz Təhsili Mərkəzi tərəfindən Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursları keçirilir.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun (TODAİE) rektoru professor Onur Ender Aslan kursların açılışında ilk mühazirələrlə çıxış edərək yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, aparılan islahatların əsas məqsədi çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə beynəlxalq aləmə inteqrasiya prosesinin sürətləndirilməsindən ibarətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də TODAİE ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq, elmi araşdırmaları təcrübədə istifadə etməkdən ibarətdir.
Bildirilib ki, kursların məqsədi milli strategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatları təhlil etmək, yerli özünüidarəetmədə əldə olunan uğurları və gözləntiləri nəzərdən keçirmək, inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanlarını və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini araşdırmaqdır.
Vurğulanıb ki, yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin əsasında vətəndaşlara xidmətin yerli özünüidarəetmə qurumları vasitəsilə daha effektiv şəkildə verilməsinin təmini, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə yerli özünüidarəetmə qurumları resursları ilə sosial xidmətlərin göstərilməsi strategiyasının reallaşdırılması mexanizmləri, yerli özünüidarəetmənin demokratik inkişafa təsiri imkanları durur. Kurslarda bu və digər sahələri əhatə edən aktual mövzular ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Kursun proqramında Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Mərkəzin məsləhətçisi Bahadur Kərimov, Dövlət İdarəçilik Akademiyasının elmi təşkilat şöbəsinin müdiri dosent Rəcəb Rəhimli, Ankara Universitetinin professoru Tayfun Çinar, TODAİE-nin dosenti Aslı Akay, Keçiörən Bələdiyyəsinin sədri Mustafa Ak, Qazi Universitetinin professoru Hikmet Kavruk, Yıldırım Beyazit Universitetinin professoru Ahmet Kesik və digər mütəxəssislərin iştirakı nəzərdə tutulub.