Tbilisi, 10 mart, AZƏRTAC
Tbilisidə yoluxucu xəstəliklərin vaxtında aşkarlanması, qarşısının alınması və profilaktikasına həsr olunmuş treninq keçirilir.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “EUROİMMUN” şirkətinin təşkilatçılığı ilə keçirilən treninqdə Azərbaycan həkimləri də iştirak edirlər.
Treninqdə əsasən “Eurostar 3” mikroskopu ilə işləmə, bu yeni texniki avadanlığın köməyi ilə yoluxucu xəstəliklərin və virusların dəqiq müayinəsi, diaqnostikası barədə məlumat verilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiysının həkimi Fərhad Həsənov deyib: “Treninqdə əsasən “Eurostar 3” (Lummersentni mikroskopu) mikroskopu ilə işləmə metodlarını öyrənirik. Müasir tələblərə cavab verən bu aparat vasitəsilə eyni vaxtda bir neçə analizin cavabını almaq mümkündür. Hazırda istifadədə olan aparatla isə yalnız bir müayinə aparmaq mümkün idi. Yeni mikroskopu bir yerdən başqa yerə daşımaq da çox asandır. Bu təlimdən sonra biz həmkarlarımızla birgə yoluxucu xəstəliklər barədə qarşılıqlı informasiya mübadiləsi aparacağıq və qorxulu xəstəliklərin yayılmasının qarşısının alınması ilə bağlı yeni metod və üsullar üzərində çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologya Mərkəzinin əməkdaşlaı da treninqdə iştirak edirlər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi