Göyçay, 10 mart, AZƏRTAC
Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində hazırda Göyçayın kənd yaşayış məntəqələrində içməli su xəttinin çəkilişi, yolların, tibb məntəqələrinin bərpası, suvarma arxlarının qazılması istiqamətində bir sıra işlər görülür.
AZƏRTAC xəbər verir ki, hazırda layihə çərçivəsində Qaraxıdır kəndində 150 min pomidor və xiyar şitilinin yetişdirilməsi üçün nəzərdə tutulan istilikxana inşa edilir. Bundan əlavə, rayonun İnçə kəndində suvarma arxları lil və çöküntülərdən təmizlənir, Alpout kəndində tibb məntəqəsi tikilir. Üngütlü kəndində içməli su xəttinin təmiri, Kürdşaban kəndində drenaj sisteminin təmizlənməsi, Şəkər kəndində tibb məntəqəsinin təmiri üçün tədbirlər görülür.
Son bir il ərzində AzKİL tərəfindən rayonun 16 kəndində layihələrin həyata keçirilməsi üçün icmalar yaradılıb. Layihə çərçivəsində Cəyirli kəndində uşaq bağçası yenidən qurulub, Bəydövül, Kürdəmiş, Kürdşaban və Potu kəndlərində kəndarası yollar əsaslı təmir edilib. Qarabaqqal, Mallı-Şıxlı və Şəhadət kəndlərində isə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün tədbirlər görülüb.