Avropa Birliyi 1950-ci illərdən bəri ən böyük, ambisioz və tək iqtisadi yox, həm də geosiyasi baxımdan mövcud qüvvələr nisbətini dəyişəcək layihəsini həyata keçirməyə hazırlaşır.

1952-ci ildə Avropa Kömür və Polad Birliyi yaradılanda müşahidəçilər bunun o vaxtlarda az olmayan birliklər arasında yer tutacaq təşkilata çevriləcəyini sanırdılar. Amma Kömür və Polad Birliyi elə Avropa Birliyinin formalaşmasını qətiləşdirdi.
 
İndi də Avropa Birliyi yeni, "Enerji Birliyi" adlı strukturun təməlini atır. Təşkilatın əsas məqsədi enerjidaşıyıcıları bazarının liberallaşdırılması, bu sahədə normal rəqabətin inkişafının və güclənməsini təminatıdır. Rəsmi Brüsselin fikrincə, avropalıların təbii qaz təminatı sahəsində Rusiyadan asılılığından yalnız bu minvalla qurtulmaq olar.
 
Enerji Birliyi məsələləri ilə bağlı AB komissarı Maroş Şefçoviçin dediyinə görə, hazırda ən ümdə məsələ Rusiyanın "Cənub Axını" layihəsinin yeni variantı olan "Türk axını" boru kəmərinə alternativ marşrutu və ya marşrutları istifadəyə verməkdir.


 
"Bunun üçün İran, İraq, Azərbaycan və Türkmənistanın təbii qazını Türkiyə ərazisindən nəql edə biləcək boru kəməri marşrutunun inşası nəzərdə tutulub. Dünyanın ən böyük boru kəməri layihəsinin reallaşdırılması bizə təqribən 45 milyard dollara başa gələcək", - Maroş Şefçoviç söyləyib.
 
Azərbaycanın gündəmə gətirdiyi "Cənub Qaz Dəhlizi" layihəsini gec də olsa, tam dəstəkləyən Avropa Birliyi indi Bakının qatıla biləcəyi yeni layihəni təhlil edir.
Həmin layihə ilə bağlı açıqlama Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərində səslənmişdi. Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanın dövlət başçısı ilə görüşdə "Nabucco" qaz-boru kəməri layihəsinin bərpasını təklif etmişdi.
 
Məsələ müzakirə olundu və tərəflər bərpa ilə bağlı anlaşma imzaladılar.
"Nabucco" layihəsi Azərbaycanın və Türkmənistanın təbii qazının Avropa Birliyinə nəqlini nəzərdə tutur.


 
Azərbaycanın təbii qaz istehsalı da sürətlə artacaq. Ekspertlərin hesablamalarına görə, 2 il sonra Bakı "mavi yanacaq" hasilatını ildə 30 milyard kubmetrə çatdıra bilər.
 
Türkmənistanın ildə 80 milyard kubmetr təbii qaz hasil edəcəyini və bu həcmin də 50 milyard kubmetrini satacağını da hesaba alanda Bakı ilə Aşqabad arasındakı təmasların intensivləşməsi təəccüb doğurmamalıdır.
Avropa Birliyi, eyni zamanda, Əlcəzair və İranla da əməkdaşlıq etmək niyyətindədir.
 
İranın xam neftini xaricdəki alıcılara daşıyan ən böyük tanker şirkəti olan NİTC-ə qarşı tətbiq olunmuş sanksiyaların ötən ilin oktyabrında ləğv olunduğunu da xatırlasaq, Tehranla Brüssel arasındakı münasibətlərin normallaşmağa başladığını söyləmək olar.
 
İspaniyanın paytaxtı Madriddə Fransa, İtaliya və İspaniyanın baş nazirlərinin görüşlərində enerjiaşıyıcılarının alternativ təminat yollarının müzakirə olunması ilə bağlı Almaniya mediasında bu fikir az qala refrenə çevrilmişdi: "O görüşdə İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması müzakirə olundu. Hər şey öz yolunda gedərsə, Berlin sakinləri sosiskaları Tehran qazında qızarda biləcəklər".
 
Azərbayacanla Türkmənistanın təbii qazına maye qaz daşımaları alternativ ola bilər və Rusiya mediasında da hazırda bu variant "Avropa Birliyinin üstünlük verəcəyi sxem" kimi təqdim olunur.


 
Doğrudur, Brüssel maye qaz almaqla bağlı Şimali Afrika dövlətləri, Qətər və ABŞ ilə danışıqlar aparır. Maye qazın üstünlüyü daşımaların mobil olmasıdır.
Tankerə maye qaz vurulandan sonra onu dünyanın istənilən nöqtəsinə daşımaq olar. Minlərlə kilometr uzunuluğunda boru kəmərləri çəkməyə, həmin marşrutların mühafizəsini təşkil etməyə lüzum qalmır. Amma tankerlərlə maye qaz daşımaq çox bahalı işdir və xüsusi avadanlıq, ucuz olmayan texnika tələb edir.
 
Brüssel yeni təşkilat yaratmaqla həm də Avropa Birliyinə daxil olan ölkələrin təbii qaz alışları ilə bağlı sövdələşmələrinə tam nəzarət etmək istəyir. Daha konkret olsaq, enerjidaşıyıcılarının idxalı ilə bağlı əməliyyatlarda vahid siyasətin yürüdülməsinə can atan Avropa Komissiyası nəzarəti mümkün qədər sərtləşdirmək niyyətindədir.
 
Enerji Birliyi də buna görə tənzimləyici səlahiyyətlərə malik olacaq və Avropa Birliyindəki bütün ölkələr xarici qaz satıcıları ilə müqavilələrin bütün şərtlərini qurumla əvvəlcədən razılaşdırmalı olacaqlar.
Hazırda Avropa Komissiyası belə müqavilələr imzalanandan sonra sənədləri alır və fakt qarşısında qalırlar.
 
Durum dəyişəcək, bazarda kimsə inhisarçı və ya dominion mövqe tuta bilməyəcək.
Hazırda Avropa Birliyinin qaz təimnatı bazarı 5 ən böyük iştirakçı arasında bölünüb. Rusiyanın "Qazprom" korporsiyası 161 milyard kubmetr həcmində satşılarla lider mövqe tutur.
 
İlk beşlik belədir:
 
1. "Qazprom" (Rusiya) - 161 milyard kubmetr, 30 faiz
2. "Statoil" (Norveç) - 115 milyard kubmetr, 21 faiz
3. "GasTerra" (Hollandiya) - 82 milyard kubmetr, 15 faiz
4. "Sonatrach" (Əlcəzair) - 38 milyard kubmetr, 7 faiz
5. "QatarGas" və "RasGas" (Qətər) - 25 milyard kubmetr, 5 faiz


 
Avropa Birliyini qayğılandıran digər məsələ aldığı təbii qazın qiymətləridir. Hazırda dünya bazarında "mavi yanacağın" qiymətləri xam neftin kotirovkalarına bağlanıb. Neft bahalaşır - qazın qiyməti artır, neft ucuzlaşır - təbii qazın satış qiymətləri aşağı düşür.
 
Brüssel bu ənənəyə son qoyulmasını istəyir və qiymətlərin formalaşdırılmasının alternativ formatı qismində təbii qaz hablarında, yəni enerji infrastrukturlarının qovşaq nöqtələrindəki qiymətlərdən istifadə etmək istəyir.
 
Yəni Avropa Birliyi habları qaz birjalarına çevirmək niyyətindədir.
 
Hablarda təbii qazın qiyməti xam neftlə bağlı uzunmüddətli fyuçers anlaşmalarından yox, mövcud qazın həcmindən və istehlakçı tələbatından asılıdır.
Bakı da bu variantı dəstəkləyir. ARDNŞ-dakı mənbələrin əməkdaşımıza dediklərinə görə, belədə Azərbaycan qazının ədalətli satış qiymətlərinə nail olmaq mümkündür.
 
İllah da ki, Avropa Birliyi tədricən bu birja modelinə keçir. Son hesablamalara görə, Avropada hablarda satın alınan təbii qazın həcmi son 7 ildə 20 faizə çatıb.
Norveçin "Statiol" korporasiyası da yeni mexanizmlərə üstünlük verir. Şirkət hablarda satılan qazın həcmini yaxın 5 ildə ümumi satışların 25 faizinə çatdırmağı planlaşdırır.


 
Fransanın "GDF Suez" korporasiyası ümümi axından geri qalmayaraq BP ilə təbii qaz alışları anlaşmasında "mavi yanacağın" qiymətlərini dünya bazarında xam neftin qiymətlərinə "bağlamadan" müəyyənləşdirib.
 
Avropa Birliyinin enerjidaşıyıcılarının təminatı siyasətində köklü dəyişikliklərə başlaması Azərbaycanın Brüssel üçün önəmini artırmaqla yanaşı, ölkəmizin regional layihələrdəki mövqelərini də gücləndirir.
 
Bakı artıq sadəcə, satıcı və hasilatçı kimi yox, həm də tranzit ərazi kimi çıxış etməyə başlayır.
 
Elçin Alıoğlu
Milli.Az