Daşkənd, 8 mart, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət (AMM) Mərkəzi ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim keçirib.
Tədbirdə səfirlikdə, AMM-də çalışan xanımlar, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti idarə heyətinin qadın üzvləri, Daşkənddəki diasporumuzun fəal qadınları iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə qadınları təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Səfir Azərbaycanda qadınlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verib, zərif cinsin nümayəndələrinin dövlət və hökumət strukturlarında geniş təmsil olunduğunu bildirib.
H.Quliyev deyib ki, ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu istiqamətdə uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin rəhbəri, dossent Gülbahar Aşurova, diasporumuzun fəal üzvü, biologiya elmləri namizədi Südabə Məmmədova, AMM-nin əməkdaşı Kifayət Pirməmmədova təbrikə görə minnətdarlıq edib, Özbəkistanda yaşayan qadınların ictimai işlərdə fəal olduqlarını diqqətə çatdırıblar.
Sonra mərasim bayram süfrəsi ətrafında davam etdirilib. AMM-nin nəzdindəki “Azərbaycan qızlartı” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi, müğənni Rəna Əzizova xalq mahnıları və təsniflərimizi ifa edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd