Bakı, 7 mart, AZƏRTAC
27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi Respublika QİÇS–lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsi ilə birgə Binəqədi rayonunun 7-ci və 8–ci mikrorayonlarındakı məktəblərin yuxarı sinif şagirdləri üçün “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici konfrans keçirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Respublika QİÇS–lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov şagirdlərə QİÇS və digər infeksiya xəstəlikləri barədə məlumat verib.
Konfransda digər çıxış edənlər də məktəbliləri narkotik vasitələrdən istifadə etməməyi, bu cür pis vərdişlərdən və infeksiya xəstəliklərindən qorunmağı və uzaq olmağı tövsiyə ediblər.
Sonda 27 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Hacı Şükürov çıxış edərək şagirdlərə gələcək genofondumuzu qorumaq üçün “Zərərli vərdişlərə yox deyək!” devizi ilə sağlam həyat arzulayıb.