Bakı, 6 mart, AZƏRTAC
Gənclərin hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Gənc zabit - gənclərin ali hərbi məktəblərə cəlb olunması” adlı layihəyə start verib.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu cür layihələrin keçirilməsində əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərinin aparılması, ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində hərb-vətənpərvərliklə bağlı görüşlərdə gənclərə ilkin hərbi biliklər veriləcək, ordunun dövlət və millət üçün əhəmiyyəti aşılanacaqdır. Görüş iştirakçıları Azərbaycan Respublikasının hərbi qanunvericiliyi, müxtəlif hərbi texnika, silah-sursat haqqında məlumatlandırılacaqlar. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün bu məktəblərə qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri təbliğ ediləcəkdir. Layihə çərçivəsində Bakı şəhərində müxtəlif orta məktəblərdə görüşlər keçiriləcək. Görüşlər zamanı fəal olan məktəblilər seçilərək düşərgədə iştirakları təmin ediləcək.