Bakı, 6 mart, AZƏRTAC 
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalında tətbiqinə yeni başlanan ən müasir avadanlıq vasitəsilə prostat vəzi xərçəngi diaqnozunun qoyulması tam dəqiqliklə mümkün olacaq.
Bunu hospitala dəvət olunmuş türkiyəli həkim, böyrək xəstəlikləri və prostat vəzi xərçəngi sahəsində apardığı 600-dən çox cərrahiyyə əməliyyatı ilə beynəlxalq aləmdə tanınan Lütfi Tunc AZƏRTAC-a bildirib.
“Vaxtında və düzgün diaqnoz qoyularsa, prostat xərçəngindən xilas olmaq mümkündür”, – deyən mütəxəssis bu məqsədlə Mərkəzi Gömrük Hospitalına gətirilən avadanlığın əhəmiyyətini vurğulayıb.
Lütfi Tunc aşkar edilən bədxassəli şişləri robotik cərrahiyyə əməliyyatı ilə aradan qaldırmağı məsləhət görür. Qapalı böyrək əməliyyatlarını öz ixtirası olan “Tunc üsulu” ilə həyata keçirən mütəxəssis prostat xərçənginin cərrahiyyə yolu ilə aradan qaldırılmasında da xüsusi üsuldan istifadə edir.
Tanınmış cərrah düzgün üsuldan istifadə etməklə aparılan robotik cərrahiyyə əməliyyatının üstünlüklərini diqqətə çatdırıb.
Mərkəzi Gömrük Hospitalında xəstələrdəki xoşxassəli şişlər isə burada tətbiq olunan və sözügedən sahədə ən müasir metod hesab edilən prostat vəzi adenomasının tulium lazerlə buxarlandırılıması üsulu ilə aradan qaldırılır. Bu üsulla aparılan əməliyyatın fəsad riski minimuma bərabərdir. Üstəlik xəstənin sağalma prosesi asan keçir.