20 min manat qrant alan 18 yaşlı Natiq Babayevin hədəfi dünyada məşhur olmaqdır
Beynində öz ideyasını qurur və onun üzərində işləməyə başlayır. Deyir ki, ona istiqamət verən yoxdur, həmişə öz işini özü görür. Müsahibimiz 18 yaşı olmasına baxmayaraq, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində mühüm layihələrə imza atan Natiq Babayevdir. Natiq Azərbaycanın fərqli beyinə sahib olan gənclərindəndir. Belə ki, o hələ 13 yaşında kompüter texnologiyaları ilə maraqlanıb və mühüm layihələrin qalibi olub.

13 yaşlı proqramçı

Natiq Babayev 1996-cı ildə Bakı şəhərində anadan olub. ADA universitetində kompyuter elmləri ixtisasının 1-ci kursunda təhsil alır. 5 ildir ki, müxtəlif əməliyyat sistemləri, mobil platformalar üçün müxtəlif tipli proqram təminatı və oyunların yaradılması ilə məşğuldur. Bu sahədə müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışmalarda iştirak edib və ciddi nailiyyətlərə imza atıb.

Həmsöhbətimiz deyir ki, o, 7-ci sinifdə oxuyarkən bu sahəyə maraq göstərib: “Uşaqlıqdan elektron əşyaları söküb-yığmağa marağım var idi. 5 yaşımda televizorun pultu işləməyəndə onu mən düzəldirdim. Bu işdən zövq alırdım. Daha sonra kompyuter texnologiyaları inkişaf etdikcə, bu sahəyə xüsusi marağım artdı. Atam da bunun fərqində idi və mən 7-ci sinifdə oxuyarkən mənə kompyuter aldı. Kompyuterdə oyunların qurulması, proqramların yaradılması mənə maraqlı gəlirdi. Onu söküb-yığmağı sevirdim. Daim internetdə axtarışlar verirdim ki, bu proqramlar necə yaradılır? Daha sonra Veb proqramlaşdırmanı öyrəndim və bu işlə məşğul olmağa başladım”.

Tək arzum bu idi...

Natiq deyir ki, ixtisas seçimində valideynləri onu dəstəkləyib: “Mən heç vaxt müəllim, hüquqşünas, polis olmağı arzulamamışam. Həmişə tək arzum hansısa proqram yaratmaq olub. Kompyuterdə oyun oynayarkən düşünürdüm ki, niyə milli nağıllarımız əsasında bizim oyunlarımız yaradılmır? Uşaqlıqdan bu sahəyə marağım olduğu üçün valideynlərimin münasibəti çox yaxşı oldu. Çünki mən məktəb vaxtından müxtəlif yarışmalarda iştirak edirdim və uğurlu nəticələrim var idi. 7-ci sinifdən bu sahəni öyrənməyə başladım. 9-cu sinifdən isə yarışmalara qatıldım. Məktəbdə bu işlə məndən başqa məşğul olan və istiqamət verənim də yox idi. İdeyalarımla uşaqlardan seçilirdim. Özüm ideyanı qururdum və onun üzərində işləməyə başlayırdım. Qarşıma məqsəd qoyurdum ki, bunu hazırlamalıyam. Həmişə nə edəcəyim barədə özüm-özümə istiqamət vermişəm”.

“Hədəflərim böyüdü”

Natiq 11-ci sinifdə hədəflərini daha da böyütməyə başlayıb. Artıq o, məktəblərarası yarışmalarla kifayətlənməyib, daha böyük arenada layihələrini tanıtmağa başlayıb və layihəsinə 20 min manat qrant ayrılıb: “Qafqaz Universitetinin tələbələrinin arasında keçirilən yarışmada iştirak etmişdim və finalçı olmuşdum. Həmin vaxt qalib gələ bilmədim. Amma Qafqaz Universitetinin rektoru mənə dedi ki, layihən çox maraqlıdır. Buna maliyyə tapıb inkişaf etdirsən, yaxşı olar. 17 yaşım var idi, 11-ci sinifə təzə başlamışdım. Təsadüfən Prezident yanında Elmin İnkişafı Fondunun saytını tapdım və orada gördüm ki, İKT-2 adlı qrant müsabiqəsi elan edilib. Həmin müsabiqə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bir yerdə keçirilirdi. Müsabiqə haqqında araşdırma apardıqdan sonra, fonda iki layihəmi təqdim etdim. Layihələrdən biri milli nağıl personajlarının oyunu ilə bağlı idi. Burada məqsəd bizim milli personajların iştirakı ilə oyunun yaradılması idi. Bu personajları təkcə yerli bazarda tanıtmaq yox, qlobal səviyyədə təqdim etmək istəyirdim. İkinci layihəm mobil kontaktların idarə edilməsi sistemi idi. Telefonunuz itəndə, yaxud evdə unudub səfərə çıxmısınızsa, başqa yerdən, başqa kompyuterlə, ya telefonla bu sistem vasitəsilə öz telefonunuza qoşulub kontaktları götürə bilirsiniz. Hətta internetə çıxışı olan taksafonlardan belə, öz telefon kitabçanızı idarə edə bilirsiniz. Bu layihələrim Elmin İnkişafı Fondunda 20 min qranta layiq görüldü”.

“Cik-cik Baku”

Natiq deyir ki, əslində o, qalib olacağına inanmırmış. Çünki həmin yarışmada iştirak edənlər BDU-nun, Milli Elmlər Akademiyasının professorları imiş. Layihənin ən gənc iştirakçısı məhz Natiq olub: “Mən inanmırdım ki, layihəm burada qalib gəlsin. Əslində, layihəmə güvənirdim, kifayət qədər fərqli layihə idi. Amma həmin vaxtlar Azərbaycanda bu, bir ilk olduğuna görə tərəddüddə idim. “Startap” sözü hələ o vaxt təzə meydana çıxırdı. İnanmırdım ki, layihəmdə perspektiv görərlər. Amma inandığım kimi olmadı. Həmin milli nağıl qəhrəmanları ilə bağlı layihəmi həyata keçirdim. İlk versiyası artıq hazırdır. Oyunun adı “Cik-cik Baku”dur. Oyunun ssenarisi “Sərçənin nağılı”nın ssenarisi əsasında yazılıb. Bu nağıl elə də çox tanınmayıb. Məqsəd də odur ki, az tanınan nağılları insanlara tanıdaq və insanlar onu araşdırsınlar. Hələ ki oyun test mərhələsindədir. artıq 50-dən çox istifadəçi tərəfindən bəyənilib”.

“Erməni jüri qalib olmağımı istəmirdi”

Müsahibimiz ötən il fərqli layihə ilə ölkəmizi Ruminayada təmsil edib. O, dünya finalçıları arasında üçüncü yerə layiq görülüb: “Bu müsabiqədə İnnovativ tərcümə sistemini tətbiq etdim. Həmin sistem vasitəsilə istədiyiniz dildən sözləri tərcümə edə bilərsiniz. Tutaq ki, siz hər hansı bir dildən sözlər tərcümə etmək istəyirsiniz. Təkcə sözü daxil etməklə proqram şəkillərlə həmin sözü izah edir. Layihəmi təqdim edəndə dünyanın müxtəlif ölkələrindən olan insanlar gördülər ki, Google-da olmayan dillər bu proqramda var. Müsabiqədə müxtəlif ölkələrin təmsilçiləri var idi və onların çoxu bilmirdi ki, Azərbaycan harada yerləşir. Sərgidə iştirakımda məqsəd o idi ki, həm ölkəmi, həm də layihəmi tanıdım. Bunun üçün Bakıdan milli geyimlər aparmışdım. Amma jüridə erməni olduğu üçün o, mənə o qədər də yaxşı münasibət göstərmədi, buna görə üçüncü yeri tutdum. Üstəlik, bu erməni aparıcı jürilərdən idi. Yerlər elan olunana qədər hamı elə bilirdi ki, mən birinci yeri tutmuşam. Hətta məni təbrik edənlər də var idi. Amma erməni deputat jüridə yeganə yüksək vəzifəli adam idi və mən məhz ona görə 3-cü yerə layiq görüldüm”.

“Hədəfim öz şirkətimi yaratmaqdır”

Müsahibimizin hədəfi gələcəkdə öz şirkətini yaratmaqdır: “Məqsədim dünyada tanınan şirkət yaratmaqdır. Necə ki Facebook, Microsoft şirkətləri var, mən də hər bir insanın sevə-sevə istifadə etdiyi məhsullar, mobil proqramlar təklif edən şirkət yaratmaq istəyirəm. Əsas hədəfim dünyada məşhur olmaqdır. Bu işə başlamamışdan əvvəl Bil Qeyts haqqında oxumuşdum. Mənim üçün maraqlı idi ki, o necə bu yerlərə gəldi? Daha sonra Stiv Cobsun həyatını öyrənməyə başladım. Mənim əsas kumirim də Stiv Cobsdur. İnsallah, mən də onlar kimi bütün dünyada məşhur olan şirkət yaradaram və ölkəmin adını zirvələrə qaldıraram”.

Kaspi.az