Naxçıvan, 6 mart, AZƏRTAC
Fevral ayında Naxçıvan Beynəlxalq Hava Limanının xidmətindən 12 mindən çox sərnişin istifadə edib.
Naxçıvan Beynəlxalq Hava Limanından AZƏRTAC-a bildirilib ki, ötən ay yerli hava xətti üzrə 11 min 492 sərnişin, 142 min kiloqram baqaj, 61 min 147 kiloqram yük və 2 min 337 kiloqram poçt daşınması həyata keçirilib. Beynəlxalq hava xətti üzrə isə Naxçıvan-Moskva reysi ilə 149 sərnişin, 2 min 239 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 380 sərnişin və 3 min 443 kiloqram baqaj daşınıb.
Ötən dövrdə hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə Beynəlxalq Hava Limanında bütün zəruri tədbirlər yerinə yetirilib, hava gəmilərinin və texniki avadanlıqların sazlığı müntəzəm olaraq diqqət mərkəzində saxlanılıb, aeroportda cari təmir işləri aparılıb. Fevralın 21-də THY-328 saylı reys buzlaşmaya qarşı emal olunub, hava gəmilərinə xidmət edən xüsusi maşın və texnikalara, yanğınsöndürən avtomobillərə texniki xidmət göstərilib, xidməti ərazilərdə profilaktik yoxlamalar aparılıb, yanğınsöndürmə balonları yenilənib.
Uçuşların elektrik-işıq texnikası təminatı, istilik və sanitariya texnikası ilə təchizat xidmətləri də işini tələb olunan səviyyədə qurub. Belə ki, bütün növ dizel generatorları texniki nəzarətdən keçirilib, yanğın nasos stansiyasındakı elektrik mühərriklərinin avtomatik rejimdə işləməsi, təzyiq və qoruyucu relelərin sazlığı diqqətdə saxlanılıb. Transformatorlara və elektrik şitlərinin mühafizə avadanlıqlarına texniki xidmət göstərilib, texniki təhlükəsizlik tədbirlərinə ciddi əməl olunub.
Xidmətin günün tələblərinə uyğun təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində aerovağzal binasının yenidən qurulması və Şərur rayonunda aviakassa binasının inşası davam etdirilib, Ordubad şəhərindəki aviakassada monitorlar və müşahidə kamera sistemi quraşdırılıb.