Bakı, 6 mart, AZƏRTAC 
Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə daxil olan müxtəlif məzmunlu 114 müraciət qeydə alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlərdə qaldırılan məsələlərə aydınlıq gətirilib, cavablandırılması operativlik tələb edən sorğular əsasında məsləhət-informasiya xidməti göstərilib.
Şikayət xarakterli, araşdırılması üçün müəyyən vaxt tələb olunan müraciətlər məzmununa uyğun aidiyyəti üzrə nazirliyin müvafiq xidmət və şöbələrinə təqdim edilib.
Müraciətlər əsasən nazir Heydər Əsədovun vətəndaşlarla qəbulunda iştirak etmək, yeni kənd təsərrüfatı texnikalarını almaq və lizinq yolu ilə icarəyə verilmiş texnikaların dəyərinə tətbiq edilən güzəştlərin mexanizmi, yeni texnikaları lizinq qaydasında icarəyə götürməzdən əvvəl “Aqrolizinq” ASC-nin internet səhifəsində elektron qeydiyyatın aparılma qaydası, subsidiyaların kart hesablarına köçürülmə vaxtının dəqiqləşdirilməsi, bəzi rayonlarda iribuynuzlu mal-qara, həmçinin davarlar arasında xəstəliklərin yayılması və digər məsələlərlə bağlı olub.