I Avropa Olimpiya Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca Azərbaycana baxış daha da çoxalır. Avropa ölkələrinin yaxından izlədiyi oyunların tanıtımını da rəsmi Bakı tərəfindən davam etdirir. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva - Paris, İstanbul və Moskva kimi şəhərlərin ardınca, indi də Romada dayanıb.

Ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının Romada keçirilən təqdimat mərasiminə Romanın ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar da qatılıb.

ANS TV-nin dövlət televiziyasına istinadən verdiyi məlumatına görə, qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletlər təqdim olunub. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlər də qonaqlara nümayiş etdirilib.

“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində çıxış edərək deyib ki, tanıtımın məhz Romada keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası Azərbaycanı məhz bu şəhərdə seçib.

“Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı. Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu. Və əlbəttə, ölkənin ümumi inkişafı. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzi inşa olunub. Biz müstəqil ölkə kimi olimpiya oyunlarında 1996-cı ildən iştirak edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır”, - deyə Mehriban Əliyeva bildirib.

Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikki isə “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

İyunun 12-dən 28-dək ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet, idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.

Mənbə
ANS-TV-Çinarə Vaqif