Praqa, 5 mart, AZƏRTAC
Çexiyada etnik çexləri gətirəcək ilk avtobusun gəlişini gözləyirlər.
Söhbət Donbasda yaranmış vəziyyətlə əlaqədar, Ukraynadan öz tarixi vətənlərinə köçməyi qərara almış etnik çexlərdən gedir.
Praqa radiosunun verdiyi məlumata görə, Çexiya hökuməti köçkünlərə ilkin kömək məqsədilə 2015-ci il yanvar ayında dövlət xəzinəsindən təqribən 2,4 milyon avro vəsait ayırıb. Ukraynadan gələn vətəndaşlar Çexiya Daxili İşlər Nazirliyinə məxsus yataqxanalarda yerləşdiriləcəklər. Yaşlı sakinlərin hərəsinə 1800 avro, uşaqların təmin edilməsi üçün hər uşağa 727 avro ayrılması nəzərdə tutulur. Köçkünlərin iş yeri və daimi yaşayış yeri axtarışında onlara kömək göstəriləcək.
Ukraynadan yola düşmüş vətəndaşların xeyli hissəsi Çexiyaya gəlmək üçün vizanı Odessada Çexiyanın müvəqqəti konsulluğu işlədiyi dövrdə orada alıblar.
Həmvətənlərin problemləri üzrə xüsusi müvəkkil Karel Kinl bu planın həyata keçirilməsinin təfsilatını şərh edərək deyib: “Əvvəlcədən Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə əlaqə saxlamış 190-a yaxın həmvətənimiz müsahibəyə dəvət edilib. Onların nə gətirməli olduğu elektron poçt vasitəsilə yazılı şəkildə izah edilmişdi və bu şəxslərin hazırlıq səviyyəsi çox yüksək idi. Müvəqqəti konsulluq bölməsinə təqribən 150-160 nəfər müraciət edib. Dəvət edilənlərin bəziləri Odessaya gələ bilməyiblər. Məsələn, Luqansk vilayətindən olan bir ailə gələ bilməyib. Onlar məktub vasitəsilə və telefonla bildiriblər ki, barrikadalardan keçmək mümkün olmayıb”.
Donetskdən olan iki ailə də müəyyən problemlərlə üzləşiblər. Lakin bu şəxslər həmin problemləri həll edə bilib və gəliblər. İki gün ərzində Odessadakı müvəqqəti konsulluğa bu şəhərdə və ya onun ətraf rayonlarında yaşayan 40-a yaxın həmvətənimiz müraciət edib.
Buna baxmayaraq, Çexiyanın hakimiyyət orqanları onların da ərizələrini qəbul edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa