Oslo, 4 mart, AZƏRTAC
Norveçin böyüklüyünə görə ikinci şəhəri sayılan Bergenin Flesland aeroportu martın 3-də axşam mümkün terror aktı təhlükəsi səbəbindən evakuasiya edilib.
Norvecin “Wideroe” aviaşirkətinə ona məxsus təyyarənin bortuna bomba qoyulması barədə məlumat daxil olub. Şirkətin əməkdaşları təhlükə barədə dərhal polisə məlumat veriblər.
Hava limanının işi bir saatdan çox dayandırılıb, bütün terminallar evakuasiya olunub. Taksilərin aeroport ərazisinə daxil olması qadağan edilib. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Fleslandda enməli olan təyyarələr başqa aeroportlara göndərilib.
Lakin əsaslı yoxlamadan sonra mümkün təhlükənin izləri aşkar edilməyib və aeroport işini bərpa edib. Polis rəsmi şəkildə bildirib ki, partlayış təhlükəsi üçün heç bir əsas yoxdur.
Baş vermiş hadisə ilə bağlı araşdırma başlanılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo