Dünyaca məşhur realiti-şou ulduzu Kim Kardaşyanın ABŞ-nin Kaliforniya ştatında yerləşən dəbdəbəli malikanəsində oğurluq hadisəsi baş verib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Hidden Hills bölgəsində yerləşən və təxminən 60 milyon dollar dəyərində qiymətləndirilən mülkə qanunsuz daxil olan şəxs evdən bəzi şəxsi əşyaları götürüb. Daha sonra isə Kardaşyanın əməkdaşlarından birinə məxsus avtomobili oğurlayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb edilib. Oğurladığı avtomobillə hərəkətdə olan şübhəli şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb.

Hadisə zamanı Kim Kardaşyanın və dörd övladının malikanədə olmadığı məlum olub. Evdə aparılan genişmiqyaslı təmir işləri səbəbindən Kardaşyan və uşaqlarının bir müddətdir yaxınlıqdakı kirayə evdə qaldığı qeyd edilib.

Hadisə ilə bağlı araşdırma davam edir.