Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasının müəllimi Elşən Nəsirov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Nəsirov Elşən Nurəddin oğlu 29 sentyabr 1964-cü ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində alıb, 1979-cu ildə Bakı Politexnik Texnikumuna qəbul olub və 1983-cü ildə həmin təhsil müəssisəsini bitirib.

Elşən Nəsirov əmək fəaliyyətinə 1983-cü ildə Bakı şəhərində texnik vəzifəsində başlayıb. Sonrakı illərdə müxtəlif müəssisə və təşkilatlarda iqtisadiyyat, idarəetmə və rəhbər vəzifələrdə çalışıb, zəngin peşəkar təcrübə qazanıb.

2000–2002-ci illərdə Naxçıvan Özəl Universitetinin Humanitar Elmlər kafedrasında müəllim, 2002–2011-ci illərdə Naxçıvan şəhərində “İdeal” firmasının direktoru vəzifəsində çalışıb. Sonrakı illərdə də müxtəlif müəssisələrdə rəhbər və mütəxəssis kimi fəaliyyətini davam etdirib.

2020-ci ildən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və marketinq” kafedrasında müəllim kimi çalışıb, bilik və təcrübəsinin gənc nəslə ötürülməsinə öz töhfəsini verib.